"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Marsel “Olimpik”ini qəbul edəcək. Marseldəki ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubu mərhələni keçmək üçün ən azı 3 top fərqi ilə qalib gəlməlidir. Səfər qolu üstünlüyü ləğv olunduğundan, iki matçın nəticəsinə əsasən qeydə alına biləcək mümkün heç-heçə qarşılaşmanın əlavə vaxta, ehtiyac yaranarsa, penaltilər seriyasınadək uzanmasına gətirib çıxaracaq.
Qeyd edək ki, "Qarabağ"da Xayme Romero və Şahruddin Məhəmmədəliyev zədəyə görə meydana çıxa bilməyəcək. Qonaqların heyətində isə itki yoxdur.
“Qarabağ”ın Fransa kollektivi ilə ilk dəfə 1999-cu ildə İntertoto kubokunda görüşüb. Komandamız o vaxt 2-ci mərhələdə “Monpelye” ilə 2 görüşün yekununda 0:9 hesabilə məğlub olmuşdu. Ağdam futbolçuları 2014-cü ildə Avropa liqasının qrupunda “Sent-Etyen”lə keçirilən hər 2 matçda heç-heçə etmişdi. 1 il sonra eyni mərhələdə “Monako” ilə qarşılaşan “Qarabağ” Bakıda heç-heçəyə nail olmuş, səfərdə isə minimal hesabla uduzmuşdu.
Marsel “Olimpik”i ilə oyun "köhlən atlar" üçün əlamətdar hadisəylə yadda qala bilər. Ağdam futbolçuları indiyədək avrokuboklarda rəqib qapılarına 149 dəfə yol tapıblar. Yəni Fransa klubu ilə qarşılaşmada yubiley – 150-ci qol vurula bilər. Bundan başqa “Qarabağ”ın hücuma meyilli yarımmüdafiəçi Abdullah Zubir meydana çıxsa, avrokuboklarda 50-ci oyununu keçirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Olimpik” Marsel görüşü saat 21:45-də başlanacaq. Matçı polşalı Bartoş Frankovski idarə edəcək.